Mamağan hekayələri
Dilənçi ağalar
Başqa yerlərdə olduğu kimi bizim Mamağanda da bir neçə seyid ailəsi yaşayardı və daha doğrusu indi də yaşayırlar.Əlbətdə ki,onların sayı indi təbii olarag artmış ola bilər. Əslində onlar adi xalqdan heç nə ilə fərqlənməz, normal insanlar kimi geyinər, işləyər və hər biri də adi bir insan kimi öz halal zəhmət ilə həyat sürər və özlərini də başqa adamlardan üstün tutmazdılar. Onları yalnız ya adlarinda, yada ki soyadlarında olan “seyid “ və ya “mir” kəlmələri ilə fərqləndirmək olar. Məsələn; Seyid Əli, Seyid İbrahım, Mir Məhəmmədi, Mir Əhməd və.s.
Ara-sıra kənar yerlərdən Mamağana gələn seyidlər də var idi, amma bunlar bizimkilərdən tamamilə fərqli idilər. Onlar imam-peyqəmbər sülaləsinə mənsub olduqları üçün özlərini adi xalqdan üstün tutardılar, əmmaməsiz bir molla kimi geyinərdilər və boyunlarına seyid nişanı olaraq bir yaşıl şal dolayardılar. Bu seyidlərin işi peşəsi sabahdan axşama qədər küçələrə düşüb qapı-qapı dilənmək idi. Hər zaman özlərini vergi idarəsinin bir məmuru kimi çox haqlı hesab edər, utanmadan qapıları döyərək uca səslə : ”ağa gəlib, ağanın haqqını gətirin” deyərdilər və xalqa özlərinin əsil seyid olduqlarını inandırmağa çalışardılar. Elə oradaca ayaqüstu mərsiyə oxumaqdan da çəkinməzdilər. Bu cür mərsiyələr şübhəsizki mollalar oxuyan mərsiyələrdən qat-qat ucuz olardı.
Xülasə, bu seyidlər hər kəsdən pul, çörək, buğda, yarma və hər nə olursa olsun alıb torbalarını doldurardılar. Onların bir neçəsi də xırman vaxtı öz atları ilə gəlib kəvşənlərdə bu xırmandan o xırmana gəzər, “seyid malı” yığmaq adı ilə dilənərdilər. O, hayasızlar istədiklərini rahatcasına almaq üçün insanlara iftira atmaqı, töhmət vurmaqı da əsirgəməzdilər.
Yaxşı yadıma gəlirki bir gün atam işinə gedərkən mənim onla birgə qəssab dükanına gedib, o əti aldıqdan sonra onu evə gətirməyimi istədi, məndə buna razı olaraq atamla birlikdə qəssab dükanına getdim. Atam nə alacağıni Qəssab Xəlilə tapşırandan sonra dükanı tərk etdi. Orada məndən öncə bir neçə müştəri olduğu üçün bir az gözləməli idim. Növbə mənə çatar-çatmaz, arıq və ucaboy bir seyid dükana girdi. Onun əynində uzun paltarı, əbası, sağ əlində bir çəlik və sol əlində isə dilənçi torbası varidi. O, xırda gözləri ilə bir qəssabı və ordakı müştəriləri və çəngəllərdən asılmış ətləri iştahla süzərək dedi;
-Qəssab başi, Hacı Seyid Rızanın ət payını unutma!
Qəssab Cəlil onun üzüne belə baxmadan sağ əlindəki baltani yuxari qaldirdı, ət kötüyünün üzərinə qoyduğu böyük bir ət şaqqasına güclü zərbə endirərək dedi:
-Sümüksüz ətin kilosi iyirmi beş, qarışıq ət istəsən on yeddi tüməndi, hansından verim?
Seyid Rıza qəssabın eyhamindan ona ancaq pul qarşılığında ət satacağını anlayanda belə dedi:
-O zaman bəs bu dediklərini heç yadından çıxartma! Bu səfər Seyid Rza iftiraya əl atdı; Mən sənə göstərərəm, ğörərsənki “Əlahəzrət”ə(yəni Məhəmməd Rıza şaha) tohin etməyin, onun haqqinda arxasından yaman-yaxşı danışmaqın axır-aqibəti nəcə olar!
Amma, Seyid ordakı müştərilərin ona etiraz edəcəklərini nəzərə almamışdı, beləki, müştərilərin etirazı ilə raslaşdığını görəndə, o orada durmaqdansa aradan çıxmağı daha üstün görərək dükanı tərk etdi. Qəssab Cəlil məhəllənin hörmət bəslədiyi sevimli bir insanı olduğundan o ğün müştərilərin etirazı onun yaxasını seyidin əlindən qutarmışdı, yoxsa seyid onu sıxışdırıb pulsuz-parasız həyasızca ondan çox rahat ət alacaqdı.
Elə həmin gün, mən oxulda ərəb dili dərsində seyid sözünün mənasının ”ağa və sərvər” olduğunu və onun hörmət daşıyıcı bir söz olduğunu öyrənincə çox təccübləndim. Mənim üçün maraqli bir sual yaranmışdık, axı bir ağa necə qapı-qapı düşüb dilənə bilər və ən əsas, bir dilənçiyə necə ağa deyib onu başqa insanlardan üstün tutmaq olar? Bu haqqda çox düşünəndən sonra özüm öz sualımla belə razılaşdim; Necəki bir “xan “sözu müsbət mənada xalq qəhrəmanlarına verilir, (məsələn, Səttar Xan, Baqir Xan və.s.) həmçinin mənfi mənada da zalım bir ərbaba ya da bir quldur hakimə işlənir, eləcədə ağa sözüdə həm mənfi, həmdə müsbət qavramda işlənə bilər.
Burda Mamağan hekayələrindən uzaqlaşmayaq deyə fikrim seyidliyin necə rasist bir fenomen olduğundan söz açmaq deyil, sadəcə seyidlər ilə xalq arasinda baş verən komik və maraqlı toqquşmalardan bir neçəsini anlatmaqdır.
Birinci hekayə - Qəhvəçi və seyid
Bir gün bir cavan seyid qəhvəxanaya gəlir və qəhvəxananın qabağında oturaraq çağırır: ”Ay qəhvəçi, ağanin naharını gətir”. Bizim qəhvəçi də gözüaçıq adam idi və “ağa“ yeyib aradan cixmasın deyə bəhanə gətirir ki, eşikdə naharına toz qonar buyur gəl içəri. Bu minvalla falçıya, seyidə inanmayan və onları ələ salmaqdan zövq alan qəhvəçi, ağanı qəhvəxananın içərisində bir masaya yerləşdirir. Ağaya çay-çörək, piti və istədiyi hər şeyi gətirir, özü isə qəhvəxananın çıxışında oturaraq qənd qirmaqla məşqul olur. Adət olaraq o qəndi qırarkən bir mahnı oxuyur, çünki mahnının ritmi onun işinin sürətini artırırdı;
Vuruldum gözlərinə,
o şirin sözlərinə,
özüm özünə qurban,
gözlərim gözlərinə......
Qəhvəçinin barmaqlari bu işə illər boyu alışmışdı, eləki, qənd parçaları ritmik bir halda onun barmaqlarının arasından, hamısı bir formada, bir ölçüdə, əzilmədən tökülürdü və onun bi iəi, bir saz ustası qədər məharətli nəzərə gəlirdi. Get-gedə qəndqıranın zərbələri onun zümzüməsi ilə elə uyqunlaşırdı və elə bir harmoni yaranırdıiki, deyəsən o mahnını bəstəkar elə qəndqirmaq ustə bəstələmişdi. Bir az zaman keçdikdən sonra cavan seyid yemək-içməyini bitirib ayağa qalxır və nahar pulunu ödəmədən “Allah sənə əvəzini versin” deyərək aradan çıxmaq istəyir. Bizim qəhvəçi də diyəsən elə bunu gözləyirmiş. O, çox acıqlı bir halda ildırım kimi yerindən qalxır sağ əlində qənd qıran, sol əli ilə də seyidin boğazından tutaraq deyir: “Ya hesabını ödərsən, yada yediklərini burda qusduraram”. Seyid o anda boğazını onun əlindən xilas etsin diyə boğuntulu bir səslə : “Boğazımı burax, pulunu verim” amma qəhvəçi onu buraxandan sonra pul vermək yerinə yalvarmağa başlayır; ay qardaş pulum yoxdu, bugün heçnə qazana bilməmişəm. O, bu cür yalan satmaqla hesabını ödəməkdən boyun qaçırdır. Haq batirmaz qəhvəçi isə deyir :
-Mənə bax,düz onbeş ildirki mən burda qəhvəçiyəm, bu günə qədər mənim bir həbbə qəndim kimsənin boğazından pulunu odənmədən aşağı getməyib, indiki pulun yoxdur hesabını başqa cür ödərsən.
-Başqa cür? Başqa cür necə ödənilə bilərki?
- “O söz”!
-O söz nə deməkdir? cavan seyid çox təəccublə soruşdu.
-Bunu anlatmaq üçün qəhvəxananın dibində sənin kimi müştərilərə məxsus yerimiz var, əgər istəyirsənsə gedək orda beş dəqiqə sıxıntılara tablaşmaqla hesabını sildirə bilərsən.
Seyid durumu belə gördükdə, hesabını ödəmədən heç cür bu qarmaşadan qurtulamayacağını başa düşdü. O, əlini qoltuq cibinə soxaraq oradan pul kisəsini çıxardı və hesabını ödəyərək əsəbi bir halda qəhvəçiyə qarğış edə-edə oranı tərk etdi. Belə toqquşmalar bizim bu qəhvəçi qardaşı heç narahat etməz və onun üçün bir növ zarafat hesablanar, amma o gün onu rahatsız edən bir şey var idi ki, o da seyidin kisəsindəki pulların miqdarı onun kasasinda olan pullarından qat-qat çox olması idi!!!
İkinci hekayə - Nasir ilə seyid
İndi oxuyacağınız bu hekayənin baş qəhramanı Nasirdir və gəlin bu hekayəni elə Nasirin öz dilindən eşidək, amma Nasir sözə başlamadan öncə, qısaca olaraq onun kim və hansi xarakterə malik olduğunu anlatmaq lap yerinə düşər.
Nasir gənc bir öyrətmən idi, o Mamağanda dünyaya göz açmış və orda böyüyüb boya-başa çatmış idi. O da bir çox gənclər kimi həyatının bir bölümünü bir zamanlar öyrəncilik daha sonra öyrətmənlik səbəbilə Təbrizdə və başqa yerlərdə yaşamışdır. O aydın düşüncəli, insansevər, xoşxasiyyətli, gülərüz və yeri gəldikdə isə həm, kinli həmdə qolu qüvvətli bir insan idi.
Onu ən çox sevindirən şeylərdən biri də bu idi ki, yeniyetmə çağlarında Səməd Behrənginin şagirdi olmuş və onun insanlıq dərslərindən bir hududa qədər bəhrələnə bilmşdir. Bizim bu gənc öyrətmənlə bir seyidin arasında baş verən hadisəni qoy o özü sizə söyləsin, indi bu siz bu da bizim Nasir.
Yayın qızmar, yandırıb-yaxan günlərindən biri idi.Oxullar tətil olduğu üçün mən də başqa öyrətmənlər kimi istrahətdə idim. Bu günlər taxıl mövsümü olduğu üçün bizim bütün günümüz ailəlikcə zəmidə keçərdi, elə o günlərin birində həmişəki kimi ailəmiz hamılıqca zəmiyə getmişdi amma mən o gün buz dolabımızın təmiratından ötrü evdə qalmalı və üsta gələndə ona yardımcı olmalı idim.
Günün günorta çağı idi, həyətdə heyva ağacının kölgəsində taxtın üstündə uzanmışdım, uzandığım yerdə xəyallar məni rahat buraxmırdı, düşünürdümki sinifdə danışdığım söz-söhbətlər bir gün SAVAK*ın qulağına bir təhər çatacaq, doğrusu belə olursa mənim üçün çox çətinliklər yarana bilərdi. Elə bu xəyallarla məni yuxu tutmuş, hələ gözüm qızmadan sarsıdıcı yuxular gördüm, yuxularımın çoxu yadımda deyil, onsuzda həç onları danışmağa da dəyməz, ancaq o anlar yadıma gəlir ki, yuxuda görürəm biri qapımızı yamanca döyür, bacımda mənə deyir ki, Nasir dur qaçki, ittilaat məmurları səni aparmağa gəliblər. Birdən yuxudan dik atıldım, gözümü açdim, heç bir pis hadisə baş verməmiş, hər şey qaydasında idi, yalnız bir az tərləmişdim, gördüklərimin hamısının yuxu olduğunu biləndə çox sevindim. Anamın yaylığı ilə boyun-boqazımın tərini silirdimki yuxuda gördüyüm kimi birdə qapı çalındı, gördüklərimin hamısı yuxu olsada qapının çalınması gərçək imiş. Öz ürəyimdə dedim:Kimdir görəsən? Axi günün bu vaxtında bizim qapımızı kim bele şiddətlə döyə bilər? Nə isə, qalxıb qapını açmağa getdim, qapıya bir addım qalmış düşünürdümki qapının arxasında kim olduğunu bilmədən onu açmayım, ona görədə əvvəl səslədim:
-Kimdi qapını döyən?
-Kəlbə** Qasım Ağadı. Kəlbə Qasım Ağanin hqqını gətirin.
Məndə qapını aça-aça öz ürəyimdə dedimki, Kəlbə Qasım Ağanin haqqını elə ovcuna qoyaramki gedər birdə Mamağana dönməz!
Kəlbə Qasım bizim dəhlizi sərin gördükdə içəri təpildi, məndə o bilmədən tez qapını örtdükdən sonra qıfılladım, oda torbasını bir küncə qoyaraq divarın dibində çönbələrək dedi:
Mənim haqqımı gətirin çıxım gedim.
Əllərimi arxamda tutaraq əyildim, üzümü üzünə yaxınlaşdıraraq soruşdum: Kəlbə Qasım haqqını istəyirsən?
-Həəə
-Pox yeyirsən
Elə o an gözlərimi yumdum ağzımı açdim, dişimin dibindən çıxanı o hayasız seyidə yağdırdım. Seyid məndən belə bir davranış gözləmirdi, o tez torbasınıda götürüb qaçmaq məqsdilə əlini qapıya atanda onun qıfıllı olduğunu anladı və işin daha da uzun olacağını başa düşdü. O, çarəsini məni qorxutmaqda gördü:
Oğul məni bu qədər təhqir etmə, mən əsil seyyidəm, imam övladıyam, aç bu qapını qoy mən gedim, yoxsa elə qarqış edərəm ki durduğun yerində qaralıb bir parça daşa dönərsən.
Seyid gördüki mən bu cəhdlə qorxan deyiləm, dizlərini yerə qoyub əllərini göyə uzaldaraq dedi :
-Ya rəbbim səni and verirəm anam Zəhranın ismətinə, məni bu haramzadanın əlindən qurtar!!!
Doğrusu mən bu sözü eşidəndə özümdən asılı olmayaraq əhval ruhiyyəm yuxarı qalxmaqa başladı, getdim həyətdən bir su xortumu(şılank) əlimə alıb seyidə hücum elədim. Nə yemisən turşulu aş! Xülasə , “Ağa” haqqının birazını alandan sonra, ona dedim:
Görürsənki, sən məni qaraltmasan onda mən səni qaraldacağam, tez ol gəl görək kim kimi qaralda biləcək. Bu dəfə seyid rüşvət verməklə öz canını bu qarmaşadan qurtarmaq fikrinə düşdü, elə ona görədə qoynundakı pul kisəsini çıxarib mənə sarı uzaldaraq dedi:
Oğul gəl Allaha bax, pulumun hamısını al məni burax gedim. İnan ki, bir seyidə bu qədər azar yetirmək, Allaha xoş getməz.
Mən əlimdəki su xortumunu oynadaraq seyidin o günün dərsini yetərincə almış olduğunu düşünüb ona dedim:
-Axmaq kişi hələ mənə rüşvətmi verirsen? Sənin pulun mənə lazım deyil. Mənim niyətim sənə dərs vermək idi. Qapını açıram, pulunuda al itil burdan, birdə gözümə görünmə.
Kəlbə Qasım elə o getmək olduki, getdi və birdə Mamağana dönmədi, bəlkə dönsədə, Nasirgilin məhlləsinə yaxın düşməd.
Üçüncü hekayə - Seyid ilə Heydər əmi
O çağlar gülməli bir hadisə də olmuşdu. Heydər Əminin dediklərinə görə, xırman vaxtı bu dilənçi ağaların birisi öz ati ilə dilənə-dilənə bu xırmandan o xırmana gəzərkən Heydər Əmiyə tuş gəlmişidi. Heydər Əmi bir neçə saat cüt sürəndən sonra öküzləri cütdən açıb, heyvanlar güclərini toplasın deyə, onları otlamağa buraxmışdı, özüdə bir tərəfdə ağac kölgəsində dincəlməyə və çay-çörək yeyib içməyə çəkilmişdi. Ocagın tüstüsu ordan keçən seyidin diqqətini çəkdi və seyid yəqinki tüstü olan yerdə çay-çörəyin də olmasını düşünərək atını oraya sürdü, ocağa bir az qalanda atini bir arxın qıraqında otlamağa buraxıb özü də ocağa tərəf Heydər Əminin yanına gəldi. ”Salamun əleyküm cütçü qardaş, Allah quvət versin” deyə ona yaxınlaşdı və onun çay-çörəyinə şərik olmaq niyətilə söhbətə başladi. Heydər Əminin başı söhbətə və seyidin başi onun çay-çörəyinə qarışdığı zaman, sarı öküz də çörək qoxusunu anlayaraq yavaş-yavaş seyidin atına yaxınlaşırdı. Seyid qarnını doyurduqdan sonra söhbəti bitirib getmək istədi. Birdən Heydər Əmi başını döndərib öküzlərə baxanda gördüki sarı öküz başını atın üstündəki xurcuna soxub və şirin-şirin seyidin çörəyini yeməklə məşğuldur. Heydər Əmi bu səhnəni görəndə iki əlli öz başına qapaz çalaraq haray qopqrdı ”Evim yıxıldı, ay harayyy, yemə ay heyvan,yemə, məni yazıq eləmə!”. O, qışqıra-qışqıra cüt çubuğu əlində sarı öküzə hücum edib və onu vurmağa başladi. O, Heydər əmini belə qəzəbli görəndə heyrətlə dedi; “Ay kişi, bir ağız çörəkdən ötəri niyə bu heyvanı belə döyürsən? Çörək mənimdi sən niyə əsəbiləşirsən? Istərsən əgər əvəzini verərsən”. Heydər əmi dedi:, sənin çörəyində cəhənəmə, özündə, dərd budurki sənin çörəyini yeyən öküz sənin kimi beqeyrət olar, o bir daha işə boyun verməz!
Ogün baş verən hadisəyə Heydər əmi çox üzüldü. O sarı öküzünü zəhərlənmiş kimi sanaraq, ondan ümidini tam üzmüşdü. Bu səbəbdən qəm-kədər əlindən zümzümə etməyə başladı. Onun dil-dodaq arasi həzin-həzin səslənən sözlərindən bir gözəl bayatı da yarandı:
Dərə-təpə düz olmaz,
Gecəmiz gündüz olmaz ,
Diləçi malin yiyən,
Heydərə öküz olmaz!
Mamağanlı Kərim
*SAVAK= İranın təhlikəsizlik orqanı
**Kərbəlayi sözünün qıssalanmışı, kəblə və bir az dəyişilmişi kəlbə olur