10 Şubat 2011 Perşembe

Bayram olacaqdır


Bayram olacaqdır

Qəm çəkmə könül qış gedə bayram olacaqdır
yaz qoysa qədəm bir gözəl əyyam olacaqdır
Əyləncədə mey gəzdirəcək ortada saqi
Qəmlər dağılıb əldə qızıl cam olacaqdır
Çal söylə sevin qış gedə bayram olacaqdır

Güllər açacaq yurdumuzun Çənlibelində
Türkün balası dərs alacaq türkü dilində
Baş qaldıracaq Urmu. Sərab. Ərdəbilində
Şe´r ilə Ədəb dəryası pəndam olacaqdır
Çal söylə sevin qış gedə bayram olacaqdır

Yaz gəlmədədir qarlı soyuq çillə nəlazim
Türkcə danışarkən bir uşaq sillə nəlazim
Min fitnə oyun şanlı-şirin dillə nəlazim
Bilməm bu oyunlar nəvax itmam olacaqdır
Qəm çəkmə könül qış gedə bayram olacaqdır

Qəm çəkmə zəfər təblini Ərk üstə çalarsan
Eldən səs ucaldıqca o səsdən güc alarsan
Divanda qurarsan rasistdən öc alarsan
Satqınlar o gün gör necə bədnam olacaqdır
Qəm çəkmə könül qış gedə bayram olacaqdır

Murdar bu qaranlıq əbədi şam olabilməz
Yurdumda maral özgələrə ram olabilməz
Bundan sora azərbalası xam olabilməz
Dığlar ana görsə balası xam olacaqdır
Yox qoxma ana, Qış gedə bayram olacaqdır

Sürgündə sən ey xəstə quş ovhamdan əlçək
Gəl haqqa diyək haq, pisə pis, gərçəyə gərçək
Birlikdə zəfər var atalar söylədi göyçək
Birləşməsə ellər genə nakam olacaqdır
Gəl birləşəlim qış gedə bayram olacaqdır

 Torpaq oyanır səndə oyan yol tanı qardaş
Vurma buqədər öz kökünə baltanı qardaş
Türk olmasa gər öz evinin sultanı qardaş
Nə tel susacaqdır nə dil aram olacaqdır
Ancaq görürəm qış gedə bayram olacaqdır

Dostu tanisaq dünyada biz olmarıq itgin
Düşmani qanarkən ona biz bağlıyarıq kin
Min mərtəbə olsun bizədə lənətü-nifrin
Bizlərdə əgər zərrəcə ovham olacaqdır
Yox olmuyacaq qış gedə bayram olacaqdır

Kərim Mamağanlı


بایرام اولاجاقدیر


غم چکمه کؤنول قیش گئده بایرام اولاجاقدیر
یاز قویسا قدم بیر گؤزل ایّام اولاجاقدیر
ایلنجه ده مئی گزدیره جک اورتادا ساقی
غملر داغیلیب الده قیزیل جام اولاجاقدیر
چال، سؤیله، سئوین قیش گئده بایرام اولاجاقدیر

گوللر آچاجاق یوردوموزون چنلی بئلینده
تورکون بالاسی درس آلاجاق تورکی دیلینده
باش قالدیراجاق اورمو، سراب، اردبیلینده
شئعرایله ادب دریاسی پندام اولاجاقدیر
چال، سؤیله، سئوین قیش گئده بایرام اولاجاقدیر

یاز گلمه ده دیر قارلی سویوق چیلله نه لازیم
تورکجه دانیشاركن بیر اوشاق سیلله نه لازیم
مین فیتنه، اویون شانلی- شیرین دیلله نه لازیم
بيلمم بو اويونلار نه واخ ايتمام اولاجاقدیر
غم چکمه کؤنول قیش گئده بایرام اولاجاقدیر

 غم چکمه ظفر طبلینی ارک اوسته چالارسان
ائلدن سس اوجالدیقجا او سسدن گوج آلارسان
دیواندا قورارسان راسيستدن اؤج آلارسان
ساتقینلار اوگون گؤر نئجه بدنام اولاجاقدیر
غم چکمه کؤنول قیش گئده بایرام اولاجاقدیر

موردار بو قارانلیق ابدی شام اولابیلمز
یوردومدا مارال اؤزگه لره رام اولابیلمز
بوندان سورا آذر بالاسی خام اولابیلمز
دیغلار آنا گؤرسه بالاسی خام اولاجاقدیر
یوخ قوخما آنا، قیش گئده بایرام اولاجاقدیر

سورگونده سن ائی خسته قوش اووهامدان ال چک
گل حاققا دییک حاق، پیسه پیس، گرچه یه گرچک
بیرلیکده ظفر وار آتالار سؤیله دی گؤیچک
بیرلشمه سه ائللر یئنه ناکام اولاجاقدیر
گل بیرلشه لیم، قیش گئده بایرام اولاجاقدیر

تورپاق اویانیر سنده اویان یول تانی قارداش
وورما بو قده ر اؤز کؤکونه بالتانی قارداش
تورک اولماسا گر اؤز ائوینین سولطانی قارداش
نه تئل سوساجاقدیر، نه دیل آرام اولاجاقدیر
آنجاق گؤرورم قیش گئده بایرام اولاجاقدیر

دوستو تانیساق دونیادا بیز اولماریق ایتگین
دوشمانی قانارکن اونا بیز باغلییاریق کین
مین مرتبه اولسون بیزه ده لعنت و نیفرین
بیزلرده اگر ذرره جه اووهام اولاجاقدیر
یوخ اولمویاجاق، قیش گئده بایرام اولاجاقدیر

ماماغانلی کریم

Hiç yorum yok:

Yorum Gönder