İranlıyam, İranıma çox müftəxirəm mən.
Hər gün biri minsin məni qoy, müftə xərəm mən.
Yox eybi, minən Zillixuda, Ruhixudadır,
Mərkəblər içində nə yaman mötəbərəm mən.
Başdan-ayağa varlığımın düşmanıyam mən.
Hər zilləti, dərdi öz əlimdən çəkərəm mən.
Hər kimsə mənim qətlimə fərman yaza harda,
Cani-dil ilə altına tez qol çəkərəm mən.
İranımızın sərvəti var hədsiz-hesabsız,
Söz burdadı ki ac-yalavac milyonerəm mən.
Məntək zəkalı yer kürəsində ola bilməz.
Hər fənnü-finun üzrə özüm mübtəkirəm mən.
Tarixdə mənim bəslədiyim molladı, şahdı,
Gah şah sevərəm, gahda axundu öpərəm mən.
Gah şah belinə bağlıyaram misri qılıncı,
Gah ayda baxıb rəhbərimi seyr edərəm mən.
Gah şənlik edərkən olaram mən Haci Firuz,
Gah matəm edib qan yaşı gözdən tökərəm mən.
Gah çox yoğunam, dərvaza dardır keçə bilməm,
Gah incələnib iynə dibindən keçərəm mən.
Xilqətdə mənim palçığımın sirri budur ki;
İfrat ilə təfritə qarışmış göhərəm mən.
Batində nəyəm heç də bilinməz sifətimdən,
Dalda söyərəm hər kəsi, üzdə öyərəm mən.
Öymək də keçər həddini yaltaqlığa başlar,
Yüz yol deyərəm; Moxlesetəm, Çox nökərəm mən.
Gah sünnətiyəm var hicabım dolma misalı,
Gah öylə modernəm ki özümdən gedərəm mən.
Gah tutisifət tudeyiyəm, moskoviçəm mən,
Ustadi-əzəl hərnə desə söyləyərəm mən.
Gahdan laikəm, dini, xurafatı bəyənməm,
Gah quslü-təyəmimdə də sahib nəzərəm mən.
Bir gün görəsən şip-şirinəm paxlavayam mən,
Bir gün bibərəm, zəncəfiləm, lap zəhərəm mən.
Bir gün deyərəm mən bədənəm, azəri başdır,
Bir gün o başı daş arasında əzərəm mən.
Dinimdə mənim kafirə əl vermək haramdı,
Din qardaşımı daşnaqa qurban kəsərəm mən.
Təhrif edərəm tarixi, qoy başım ucalsın,
bir gün bu cinayətlərə tavan ödərəm mən.
Öyrəndiyim hərçənd “xuda-şah-vətən” dir,
Varsa vətənim bəs nə üçün dərbədərəm mən?
“Kuruşe-Kəbir qurduğu ol Həqqi-Bəşərdən”
Bir zərrəcə olsaydı, diyərdim bəşərəm mən.
Daş-məşdiyə əlbət ki demokrasi yaraşmaz,
Bədbaxt demoyam öz krasımdan keçərəm mən.
Hey güzgüyə baxdım özümü bəlkə düzəldəm,
Əfsus ki düzəlməm, günü-gündən bətərəm mən.
Bəsdir Mamağanlı, daşa vur güzgünü qardaş!
Baxsan, deyəcəksən hamıdan beşbətərəm mən.
Şairsən əgər gəl ədəbin bəndini qırma,
Cəhlin yükü altında qalan şahfənərəm mən.
Şair deyiləm, zərrəcə tənzə həvəsim var,
Çox da demirəm, qarnıyarıq neyşəkərəm mən.
Kərim Mamağanlı
4 Kasım 2009 Çarşamba
Kaydol:
Kayıtlar (Atom)