22 Ekim 2009 Perşembe

Savalanım

SAVALANIM


Dağların sultanı dağım, dayağım,xan Savalanım.
Pənahım, daldanacağım,başda qalxan Savalanım.
Dağlar olsun sənin arxan Savalanım.

Nə buludlar arası həsrətilən sən də baxırsan?
Oğlu itgin anatək Borçalı, Dərbəndə baxırsan.
Şuşa, Ağdam, Xocalı, qəmli Xocavəndə baxırsan.
Qarabağdan söz açarkən niyə şərməndə baxırsan?
Sanma bu nisgil ürəkdə qalacaqdır Savalanım.

Səni vəsf etmədə yazdım ki qoçaqdır Savalanım.
Dünya durduqca durubdur duracaqdır Savalanım.
Xalqımın fəryadı, yerdən göyə qalxan yumuruqdur.
Yaramazlar dəhənin yumduracaqdır Savalanım.
Bütün Eşq əhlinə bir sönməz ocaqdır savalanım.
Nə sıcaqdır Savalanım!

Xalqmın birliginin simgəsi dağım,
Bu nə sirdirki, sinən közlə dolu başda gölün var?
Bir əlin nazlı Səhəndin saçın oxşar,
Qardaşın Şahdağı boynunda qolun var.
Həm başın ərşə dayanmış, həm ürəklərdə yerin var.
Qocaman şanlı elin var.
Elə bir el ki özündən də qoçaqdır Savalanım.

Bu Elin halı yamandır.
Dağınıqdır, dağınıqlıq Elə mandır.
Eli birləşdir əmandır.
İndi birləşməli çağdır Savalanım.

Ey gözəllər gözəli, sevgililər mənzili dağım,
Qızlar öz işvələrin qəmzəli qazından alıbdır.
Nəğməkarlar o gözəl notları, ey sevgili dağım,
Sona bülbüllərinin incə boğazından alıbdır.
Dahilər ilhamını raz-niyazından alıbdır,
Alacaqdır savalanım.

Yazda əlvan geyinərkən, uca eyvanda gəlintək,
Sinə gərmiş dayanarkən nə gözəldir qoşa narın!
Elə şovkətlə durubsan diyəsən indi Koroğlu,
Gələcək Çənlibelindən ala ağuşə Nigarın.
Gözünün yaşı silinməz, başı qovğalı elintək
Nə başından duman əsgik, o quzeylərdə nə qarın.
Nə yenilməzdi vüqarın!

Gül-çiçəklər o ətəklərdə gülərkən,
Baş qoyub çiyninə hay-hay bulud ağlar.
Dayağ ol xalqıma dərdin düşünərkən,
Dayağ olsun sənə hərvax ulu dağlar.
Alması, armudu, narı sulu dağlar.
Heybəti dosta bəşarət, düşmənə qorxulu dağlar.
Tutmamış heç zəman ayrı ağalardan qulu dağlar.
Varlıdan yoxsulu dağlar.
Ədl divanini dağlar quracaqdır savalanım.

Hansı aşiq səni gördu sinəsi coşmadı getdi?
Hansi şair de sənin hüsnünə söz qoşmadı getdi?
Sən nə dağsanki görən heyrətə dalmış?
Şirvanın şairi, Xaqanidə baxdıqca ucalmış.
Uzun illər o səni görməyə həsrətlə yaşarmiş.
Səni gördükdə demiş hüsnlərin cilvəsi dağım.
Sənə ad vermiş o ki; “mutluluqun qibləsi” dağım.
Söyləmiş “dağlar anası kəmalın zirvəsi” dağım.
Ellərin birliginin simgəsi dağım.

Təb´tərlanım ucalmaqda özüntək, ucabaş dağ,
Ucalıq dərsinə uyqun qoca qartalların olsun.
Arılar qaynaşaraq gül çiçəkin şəhdin alarkən,
Qoy pətəklər dolusu şanlı, şirin balların olsun.

Yaz gələrkən El-oba yaylaqa heşmətlə çökəndə,
Balınan qatmağa qoy süfrədə qaymaqların olsun.
Dağçılar qışda nişatilə o yallarda gəzəndə,
Rəngli mirvarili muncuqlu boyunbağların olsun.

Oymaq-oymaq obalarda, nə gözəl qurğu-busatlar!
Nə baxışlar, nə gülüşlər, incəcik xoş zərafatlar!
Yaşıl otlaqlar içində kişnəşərkən kəhər atlar,
Quzular gah mələşər, gah düşüb otlar.
Ağnar üstündə buludlar.
Zinələr gölləşərək, ay nə şəfali suların var!
Nanə-yarpızlı, uzun gen dərələrdə,
Alagöz ahuların var.
Ucaboy qızlar ədalı, nə pərivəş quların var!
Hələ insanlıqa uyğun, nə dərin duyğuların var!
Nə deyim mərifətin səndə uca mərtəbəsindən?
Eşqə-aşiqlərə layiq qoca Mehrab təpəsindən.
Eşqdən orda Kərəmlər yanacaqdır Savalanım.

Sən o dağsanki pərilər su içərlər bulağından.
Səf çəkib silsilə dağlarda öpərlər ayağından.
Sənə Məcnun da şikayət gətirər Leyli dağından.
Yorğun axşam özünü daşlara çırpanda küləklər,
Qarabağ naləsidir, daşda sızıldar sazağından.

Genə bağrımda baş açmaqda çibantək,
Elimin birligi dərdim.
Olmasaydın dayağım ömrümü çoxdan çürüdərdim,
Çünki var bir sürü dərdim.
Qəhrəman, millətimin odlar içində,
Kül olan kimligi dərdim.
Vətən övladına yad ölkə didərginligi dərdim.
Parçalanmış vətənin günbəgün itginligi dərdim.
Quzu qurban kimi yurdum nəqədər doğranacaqdır Savalanım?

Şair olsaydım uca şə´ninə divan da yazardım,
Dəli-divanəli dağım.
Sənin əfsunlarını daşlara Keyvanda qazardım,
Sirli əfsanəli dağım.
Səndən ilham aliban Zöhrədə məstanə gəzərdım,
Özü meyli-məzəli, Zöhrəsi məstanəli dağım.
Başı həngaməli dağım.

Kərim Mamağanlı

2 Ekim 2009 Cuma

Məni dindən usandırdı....

Füzuliyə bənzətmə



Məni candan usandırdı cəfadan yar usanmazmı?
Fələklər yandı ahımdan muradım şəm’i yanmazmı?

Məni dindən usandırdı, Bu dəyyuslar usanmazmı?
Iyindən aləm iyləndi bu murdar əsgi yanmazmı?

Hamı oynaşına asan, edər qaz ilə nəft ehsan,
Nəçün verməz mənə ondan məni iranlı sanmazmı?

Yedirdər daşnaq oğraşı, olar rusların oynaşı,
Bu üzdür ya ayaqdaşı həyasız heç utanmazmı?

Yanar od Saldı iranə, yaxıb döndərdı viranə
Ucaldı naləm həryanə yatan millət oyanmazmı?

Deyir bu ölkə irandı, hami farsdı müsəlmandı,
O ki millətləri dandı, məgər insanı danmazmı?

Fəqirin soldurur rəngin, uraniyom qılır zəngin,
Yazıq bövrək satan millət uraniyom olanmazmı?

Könül istir bu aləmdə, uraniyom olam məndə,
Vəli bilməm məni zəngin qılarmı ya qılanmazmı?

Danışdıqca tökər zəhlə, deyin neylim bu əbləhlə,
Qırıldi fəqrdən fəhle hamı, qandı bu qanmazmı?

O çirkin ruyinə hər an baxanda nifrətim artır,
Belə iyrənc qiyafətdan ürək varki bulanmazmı?

Cəfa bəndin qırar ellər, sənə divan qurar ellər,
Necə gör qusdurar ellər, məgər molla qusanmazmı?

Kərim Mamağanlı